31 mart tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə Belçika Krallığının “IBF International Consulting” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında elmi müəssisələrin (təşkilatların) akkreditasiyasına hazırlıq məqsədilə “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində təlimlərin növbəti mərhələsinə başlanılmışdır. 
Təlimlər 31 mart–1 aprel tarixlərində akkreditasiya orqanı kimi Komissiyanın koordinator qismində çıxış edəcək əməkdaşları, 4-5 aprel tarixlərində akkreditasiyadan keçəcək elmi müəssisələrin (təşkilatların) nümayəndələri, 6-7 aprel tarixlərində akkreditasiya üzrə ekspertlər, 8 apreldə isə elmi müəssisə (təşkilat) rəhbərləri üçün nəzərdə tutulmuşdur.
Komissiyanın koordinator qismində çıxış edəcək əməkdaşları üçün keçirilmiş təlimdə akkreditasiya üzrə avstriyalı mütəxəssis Achim Hopbach tərəfindən iştirakçılara elmi müəssisələr (təşkilatlar) üçün nəzərdə tutulan keyfiyyət tələbləri, akkreditasiya prosesinin yerində baxış mərhələsi, akkreditasiya hesabatı haqqında məlumatlar verilmiş, ekspertlərin və koordinatorların funksiyaları izah edilmiş, onlar arasında qarşılıqlı işçi münasibətlərinin tənzimlənməsinə dair tövsiyələr verilmişdir. Təlim içtirakçıları ilə praktik məşğələ aparılmış, iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Qeyd edilməlidir ki, akkreditasiya prosesinə Azərbaycanda fəaliyyət göstərən 102 elmi müəssisə və təşkilatın cəlb edilməsi nəzərdə tutulur. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si yer, 15-i kimya və biologiya, 10-u aqrar, 12-si tibb və 30-u humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir. Hazırda pilot layihə çərçivəsində Ali Attestasiya Komissiyası AMEA, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 3 müəssisənin akkreditasiyasını həyata keçirir.


01.04.2022





Digər xəbərlər