Fevralın 28-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib. BSU-nun Elmi Şurası və AAK-ın qərarı ilə yaradılmış Dissertasiya Şurası üzvlərinin, eləcə də gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, professor Nurlana Əliyeva universitetin Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini, Komissiyanın yeni rəhbərliyinin həyata keçirdiyi islahatların elmi ictimaiyyət, o cümlədən, universitet kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarsalandığını diqqətə çatdırdı və professor-müəllim heyətinin, xüsusilə gənc tədqiqatçıların AAK sədri ilə görüşünün hər iki tərəf üçün faydalı olacağına əmin olduğunu bildirdi.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev tədbirdə geniş məruzə ilə çıxış edərək, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd etdi. Komissiyanın fəaliyyətinə dair məlumatları auditoriyaya müqayisəli şəkildə təqdim edən sədr elmi dərəcə və elmi adların verilməsi ilə bağlı yeni qaydaların əvvəlki qaydalardan, yeni forma və məzmunlu attestasiya sənədlərinin – diplomlar, attestatlar və şəhadətnamələrin ötən illərdəki sənədlərdən nə ilə fərqləndiyini, dissertasiya şuraları və elmi seminarların fəaliyyətində yeniliklərin nədən ibarət olduğunu diqqətə çatdırdı.

 

Professor F.Mustafayev dissertasiya mövzularının təsdiqi, fəlsəfə doktoru imtahanlarının təşkili və keçirilməsi, elmi araşdırmaların nəticələrinin dövri elmi nəşrlərdə dərc etdirilməsi, dissertasiya və avtoreferatların tərtibi, dissertasiya şuralarında müdafiələrin təşkili və səsvermənin keçirilməsi, iddiaçılara fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsi ilə bağlı yeniliklər, hüquqi-normativ sənədlərdə edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

 

Sonda Komissiyanın sədri BSU-nun elmi işlər üzrə prorektoru professor R.Novruzovun, tədris işləri üzrə prorektoru professor T.Cəfərovun, professorlar A.Məmmədli və F.Nacıyevanın, tədbirdə iştirak edən digər alimlərin, elmi dərəcə və elmi ad iddiaçılarının çoxsaylı suallarını cavablandırdı.

 


28.02.2020





Digər xəbərlər