Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Sentyabrın 27-də düşmən ölkənin təxribatına qarşı əmrinizlə başlanmış Vətən müharibəsi noyabrın 10-da Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələndi. Bu münasibətlə Sizi Ali Attestasiya Komissiyasının kollektivi adından ürəkdən təbrik edir, xalqımızın və dövlətimizin rifahı, tərəqqisi naminə gələcəyə hesablanmış növbəti planlarınızı da bu cür möhtəşəm qələbələrlə gerçəkləşdirməyinizi arzulayırıq.

 

44 günlük müharibə dövründə atdığınız qətiyyətli addımlar, verdiyiniz qərarlarla Siz təkcə region dövlətlərinə deyil, bütün dünyaya, beynəlxalq aləmə Azərbaycanın qüdrətli dövlət olduğunu sübut etməklə yanaşı, dövlətimizin sükanı arxasında hansı siyasi liderin və sərkərdənin dayandığını bir daha anlatdınız.

Bu günlər beynəlxalq aləm Sizdən həm siyasi, həm də hərbi müstəvidə əsl liderin təkbaşına necə mübarizə aparmalı olduğunu öyrəndi, müasir hərbi texnologiyalar və yeni hərbi taktika ilə gerçəkləşdirilən azadlıq mücadiləsinə şahidlik etdi. Elə bu səbəbdəndir ki, hazırda bütün beynəlxalq aləm Sizin parlaq qələbənizi müzakirə edir, dünya mediası Sizin sayənizdə Azərbaycandan yazır.

Möhtərəm cənab Prezident!

Siz qətiyyətli, müdrik qərarlarınızla yalnız torpaqlarımızı işğaldan azad etmədiniz, həm də xalqımızın monolit, sarsılmaz birliyini yaratdınız, özgüvənini artırdınız, ümidlərini əminliyə, arzularını gerçəkliyə çevirdiniz. İstər dövlət rəhbəri və xalqın lideri kimi diplomatik savaşda, istərsə də Ali Baş Komandan kimi döyüş meydanında inamlı davranışınız, uğurlu addımlarınızla, Qarabağda zəfər sərgiləməklə nəinki dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında səfərbər etdiniz, eləcə də dünya türklərinin beynəlxalq arenadakı fəaliyyəti üçün yeni bir mərhələnin əsasını qoydunuz. Sizin sayənizdə Azərbaycanın bu zəfəri beynəlxalq aləmin türk dünyasına və bütövlükdə müsəlman Şərqinə ikili standartlarla yanaşma vərdişinə qarşı da öz müsbət təsirini göstərəcək.

Bu gün ölkəmizdə sosial statusundan və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, Azərbaycan tarixində xalqın bu dərəcədə birliyi, həmrəyliyi ilk dəfədir ki yaşanır və bu məhz Sizin rəhbərliyiniz dönəmində mümkün olmuşdur. O da məlumdur ki, belə bir həmrəyliyi təkcə dövlət başçısı və ya komandan olmaqla yaratmaq mümkün deyil. Öz ətrafında səmimi birliyi yalnız xalqının mütləq mənada sevimlisi olan şəxs yarada bilər. Şükürlər olsun ki, liderlik, müdriklik, uzaqgörənlik və digər keyfiyyətləriniz və üstünlüklərinizlə yanaşı Uca Rəbbimiz bu bəşəri keyfiyyəti də Sizdən əsirgəməyib.

Bu böyük qələbə ilə Siz dövlətimizin və xalqımızın azad, şərəfli gələcəyini təmin etməklə yanaşı, həm də keçmişimizin məruz qaldığı haqsızlıqların, ədalətsizliklərin qisasını aldınız. Belə qısa bir zamanda müasir Azərbaycanın tarixi təqvimindən qara işğal günlərini silərək, yerinə al qırmızı zəfər bayramları yazdınız. Siz bütün türk dünyasının və beynəlxalq aləmdəki dostlarımızın dilinin əzbərinə çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı ilə başlanan savaşı tərəddüdsüz, məğrurcasına, qətiyyətlə qazandınız. Müharibə günlərində istər xalqa müraciətləriniz zamanı, istərsə də dünya mediasına müsahibələr verərkən nümayiş etdirdiyiniz mükəmməl performansla Siz bütün dünyaya yeni azərbaycanlı obrazını tanıtdınız. Ölkəmizdə dövlətini, bayrağını canından çox sevən yeni bir məğrur və qürurlu nəslin yetişməsinin, formalaşmasının əsasını qoydunuz.

Cənab Prezident!

İllər, onilliklər, əsrlər ötəcək və bu şanlı qələbə Azərbaycan və dünya tarixində yeni elmi araşdırmalar, dərslik və monoqrafiyalarda öz əksini tapacaq. Ümummilli lider Heydər Əliyevin müqəddəs vəsiyyətini yerinə yetirdiyinizə, eləcə də Azərbaycan xalqının ən böyük arzusunu qətiyyətlə gerçəkləşdirdiyinizə, müzəffər ordumuzun əli ilə Şuşa başda olmaqla Qarabağa – mənfur düşmənin 30 ildir işğalda saxladığı bölgələrimizə üçrəngli bayrağımızı sancdığınıza və bununla da ölkəmizin ərazi bütövlüyünü tam təmin etdiyinizə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Xalqımızı, dövlətimizi, bütün dünya azərbaycanlılarını və türk dünyasını sevindirən belə bir böyük qələbə üçün daim var olun!

Əmin olun ki, millət, məmləkət adına atacağınız gələcək addımlarınızda “dəmir yumruq” kimi birləşmiş Azərbaycan Sizinlədir.


17.11.2020





Digər xəbərlər