Bağla


24 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.

Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə AAK-ın sədri Famil Mustafayev tibb və biologiya elmləri, pedaqogika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 3 iddiaçıya elmlər doktoru diplomlarını, 9 elm sahəsi üzrə (kimya, tibb, biologiya, aqrar, texnika, coğrafiya, iqtisad, hüquq elmləri və pedaqogika) fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 14 iddiaçıya fəlsəfə doktoru diplomlarını, eləcə də xarici ölkədə fəlsəfə və texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 4 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələri təqdim etmişdir.

Tədbirdə “Sosial fəlsəfə” və “Elektrokimya” ixtisasları üzrə professor elmi adı almış 2 nəfərə professor attestatları, “Radiasiya materialşünaslığı” və “Fəlsəfə tarixi” ixtisasları üzrə dosent elmi adına layiq görülmüş 2 nəfərə dosent attestatları təqdim edilmişdir.

Çıxış edən tədbir iştirakçıları diplom və attestatların təqdimatının əlamətdar gündə - ölkənin hərtərəfli və uğurlu inkişafında əvəzedilməz xidmətləri olan Azərbaycan Respublikası Prezidentinin doğum günündə keçirildiyini məmnunluqla qeyd edərək, öz səmimi təbriklərini səsləndirmiş, ölkə həyatının bütün sahələrini əhatə edən islahatlara görə dövlət başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

AAK sədri elmi dərəcə və elmi ad almış tədqiqatçıları qarşıda gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulamışdır.


24.12.2020





Digər xəbərlər