30 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayevin elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində fəaliyyət göstərən dissertasiya şuralarının elmi katibləri ilə distant görüşü keçirilmişdir.

Komissiyanın sədri 33 elmi müəssisədə və 21 ali məktəbdə 21 elm sahəsinin 160-dək ixtisası üzrə yaradılmış 120-dən çox dissertasiya şurasının elmi katibləri qarşısında duran vəzifələrdən danışmış, pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə elmi seminarların və dissertasiya müdafiələrinin təşklili, müdafiələr zamanı elektron gizli səsvermənin keçirilməsi qaydaları barədə geniş məlumat vermiş, elmi katiblərin ilkin müzakirələrin keçirilməsi, birdəfəlik dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili, dissertasiyanın nəticələrinin dövri elmi nəşrlərdə dərc etdirilməsi və bir çox digər məsələlərlə bağlı suallarını cavablandırmışdır.

Komissiyanın sədri dissertasiya şuralarının elmi katiblərinə attestasiya ilə bağlı qayda və təlimatlarla yaxından tanış olmağı, elmi dərəcə və elmi ad iddiaçılarının müraciətlərinə mövcud şəraitdə daha diqqətlə yanaşmağı, sənədləşmə işlərində daha məsuliyyətli olmağı, dissertasiya müdafiələrində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün var qüvvə ilə çalışmağı tövsiyə etmişdir.   


30.04.2021





Digər xəbərlər