27 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Komissiyanın sədri professor Famil Mustafayev Anım Gününün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilməsinin ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhlarına yüksək ehtiramın bariz nümunəsi olduğunu qeyd edib.

Bildirilib ki, 27 sentyabr – müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin başladığı gün kimi xalqımızın tarixinə əbədi həkk olmuşdur.

Qeyd edilib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın, viran olunmuş şəhər və kəndlərimizin, dağıdılmış mədəni və dini abidələrimizin azad olunması heç də asanlıqla başa gəlməmiş, düşmən üzərində qələbə Vətən övladlarının qanları və canları bahasına əldə edilmişdir.

Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr - Anım Günü ilə bağlı xalqa müraciətinin dövlətimizin və xalqımızın haqq və ədalətin bərpası, ölkədə ərazi bütövlüyünün, bölgədə sülh və əmin-amanlığın təmin olunması uğrunda mücadiləsinin düzgün dəyərləndirilməsində mühm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Komissiya əməkdaşları Oktay Səmədov, Asif Rüstəmli və Qalib Həsənov bu günün gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı ilə bağlı fikirlərini bölüşüb, Anım Gününün tariximizin şanlı səhifəsinə əbədi həkk olduğunu bir daha qeyd ediblər.

Tədbirin sonunda Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


27.09.2021





Digər xəbərlər